“İdman Paytaxtı” Qazaxda avarçəkmə tədbiri keçirilib
İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında ölkəmizin “İdman Paytaxtı” Qazaxda avarçəkmə tədbiri keçirilib. Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak edib. Tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.
Daha sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında özünü sınamaq imkanı yaradılıb.
